“Mərkəzi əlaqələndirmə” modulu Ani Ödənişlər Sistemi komponentlərindən biri olmaqla, bank müştərilərinin hesab rekvizitlərinin saxlanılması və identifikasiya vasitələri ilə əlaqələndirilməsinə xidmət edir, eləcə də məlumatların bir mərkəzdən idarə edilməsini təmin edir. Sadə identifikatorlar qismində müştərinin istəyinə uyğun olaraq fiziki şəxslər üzrə mobil nömrə, e-mail, FİN, fərdi sahibkar və hüquqi şəxslər üzrə isə mobil nömrə, e-mail, VÖEN, obyekt kodu və təsərrüfat subyektinin identifikatoru çıxış edə bilər. Hər bir identifikator müştərinin bank hesabı ilə əlaqələndirilməklə ödəniş və köçürmələr zamanı vəsaitin həmin hesaba mədaxil/məxaricini reallaşdırmış olur.
Banklar müştərilər tərəfindən birbaşa və ya elektron kanallardan daxil olan müraciətlər əsasında müştərilərin hesab məlumatlarının “Mərkəzi əlaqələndirmə” modulunda qeydiyyatını həyata keçirir, dolayısı ilə onların sadə identifikatorlara çıxışını təmin etmiş olur. Bundan sonra ödəniş tapşırığının formalaşdırılması üzrə müvafiq mənbələrdən daxil olan sorğular “Mərkəzi əlaqələndirmə” modulu tərəfindən zəruri olan hesab rekvizitləri ilə cavablandırılır.
Modul həmçinin əməliyyatlar zamanı istifadə olunan sadələşdirilmiş identifikasiya metodları əsasında ödəyən və vəsaiti qəbul edənin rekvizitlərinin dəqiqləşdirilməsi imkanını verir.