Nömrə: 01/2020
Müəllif(lər): Vüqar Rəhimov
Dil: İngilis dili
Tarix: 24.12.2020
Xülasə: Məqalədə Azərbaycanda ev təsərrüfatlarının istehlak səbətini təşkil edən ərzaq, qeyri-ərzaq və xidmət komponentlərinin qiymətlərinin əsas determinantları araşdırılmış və bu determinantlara əsaslanan proqnozlaşdırma modelləri təqdim edilmişdir. Bu məqsədlə 2003-cü ilin birinci rübündən 2020-ci ilin üçüncü rübünə qədər olan məlumatlardan istifadə edilməklə vektor avtoreqressiya modelləri qurulmuşdur. Nəticələr göstərir ki, istehlak səbətindəki məhsulların qiymətləri həm daxili, həm də xarici amillərlə müəyyən edilir. Qlobal ərzaq qiymətləri, ticarət tərəfdaşlarında istehlakçı qiymətləri, qeyri-neft idxal çəkili nominal effektiv məzənnə, real ÜDM, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri və ərzaq qiymətlərinin gecikməsi ərzaq məhsullarının qiymətlərini şərtləndirən əsas amillərdir. Ticarət tərəfdaşlarında istehlakçı qiymətləri, qeyri-neft idxal çəkili nominal effektiv məzənnə, məcmu buraxılış fərqi, emal sənayesində istehsalçı qiymətləri və qeyri-ərzaq istehlakçı qiymətlərinin gecikməsi qeyri-ərzaq qiymətlərinin əsas determinantlarıdır. Bundan başqa, xidmətlərin qiymətlərinə əsasən qeyri-neft idxalı çəkili nominal effektiv məzənnə, M2 (pul kütləsi), ərzaq məhsullarının istehlakçı qiymətləri, qeyri-neft vergisi və xidmətlər üzrə istehlakçı qiymətlərinin gecikməsi təsir göstərir. Bu məqalədə hər bir komponent üçün bir, iki, dörd, altı və səkkiz rüblük proqnozlar hazırlanmış, müvafiq çəkilərdən istifadə edilməklə proqnozlar kombinasiya edilmiş və proqnoz xətaları birbaşa proqnozlaşdırma modelinin xətaları ilə müqayisə edilmişdir. Nəticələr göstərir ki, kombinasiya metodu birbaşa metoddan daha yaxşı proqnozlaşdırma qabiliyyətinə malikdir.
Açar sözlər: istehlakçı qiymətləri indeksi, inflyasiya, ərzaq qiymətləri, qeyri-ərzaq qiymətləri, xidmətlərin qiymətləri, proqnozlaşdırma qabiliyyəti
JEL təsnifatı: E31, E37