Tədqiqatın adı: Azərbaycan üzrə DSÜT modeli: qiymətləndirmə və proqnozlaşdırma
Nömrə: 15/2014
Müəllif(lər): Vüqar Əhmədov, Salman Hüseynov
Dil: Azərbaycan dili
Tarix: 2014-cü il
Xülasə: Bu məqalədə milli iqtisadiyyatın özünəməxsus xüsusiyyətlərini özündə cəmləşdirən DSÜT modelinin ekonometrik qiymətləndirməsi aparılır. Empirik qiymətləndirmə zamanı rüblük məlumatlara əsaslanılır və müşahidə sayının məhdud olması nəzərə alınıb Bayez metodlarına müraciət edilir. Qiymətləndirmələr bir sıra maraqlı məqamların ortaya çıxmasına şərait yaradır. İlk öncə məlum olur ki, milli iqtisadiyyat üçün qurulan əvvəlki yeni Keynezçi modellərdə istifadə edilən bir sıra vacib parametrlərin kalibrasiya praktikası əldə edilən empirik nəticələrlə uzlaşmır və ölkənin xüsusiyyətlərini əks etdirmir. İkincisi, aydın olur ki, əksər struktur parametrlər dövrü stabillik sərgiləsələr də, milli iqtisdiyyatı sarsan şokların strukturunda mühim dəyişiklər baş vermişdir. Bu tapıntı post-neft bumu dövründə proqnozlaşdırma işini çətinləşdirən amillərdən biri hesab oluna bilər. Üçüncüsü, pul kütləsi üzrə qiymətləndirilən parametrlərin identifikasiyasında problemlərin mövcud olduğu aşkardır. Bununla yanaşı, qiymətləndirilən model bir sıra adekvatlıq sınaqlarından uğurla keçir. Model siyasət qurumları tərəfindən müxtəlif ssenari analizlərinin aparılması və proqnozlaşdırma məqsədi üçün istifadə edilə bilər. Həmçinin, qurulan model ölkə iqtisadiyyatının özünəməxsusluğunu özündə ehtiva edən və ekonometrik qiymətləndirməsi aparılan ilk DSÜT modeli olması səbəbindən də maraq kəsb edir.
Açar sözlər: DSÜT, Bayez metodları, proqnozlaşdırma, neftlə zəngin ölkə
JEL təsnifatı: C11, C32, E32, E37