Nömrə: 08/2016
Müəllif(lər): Salman Hüseynov, Fuad Məmmədov
Dil: İngilis
Tarix: 30 Noyabr 2016-cı il
Xülasə: Bu araşdırma işində biz 1999:R1-2016:R2 dövrünü əhatə edən rüblük məlumatlardan istifadə etməklə milli iqtisadiyyatın mühim aspektlərini onun uzunmüddətli sabit vəziyyəti və qısamüddətli dinamikası nöqteyi-nəzərindən modelləşdiririk. Burada biz dövlət sektoru, pul bazarı və xarici sektoru açıq şəkildə modelləşdirir, lakin ev təsərrüfatlarını, əmək bazarını, əməkhaqqıların dinamikasını və fiziki kapitalın həcmini modelə daxil etmirik. Tam Dəyişdirilmiş ƏKKÜ ko-inteqrasiya metodundan istifadə etməklə müxtəlif göstəricilər arasında ko-inteqrasiya əlaqələrinə baxırıq. Qısamüddətli dinamika ilə bağlı əmsalların qiymətləndirmə nəticələri ex-ante gözləntilərimiz ilə üst-üstə düşür. Stabillik testi sistemin öz sabit vəziyyəti ətrafında stabillik nümayiş etdirdiyini və model dəyişənlərinin öz tarazlı səviyyələrinə yaxınlaşdıqlarını göstərir. İnflyasiya, hökumətin istehlak xərcləri və idxal üzrə nümunə daxili və nümunə xarici simulasiya nəticləri qənaətbəxşdir. Lakin məlum olur ki, model XXA və pul kütləsinin ex-post dinamikasını yaxşı təkrarlaya bilmir. Ümumilikdə, nəticələr göstərir ki, model Azərbaycanda əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması və siyasət analizləri üçün istifadə oluna bilər.
JEL təsnifatı: C32, C51, C52, C17
Açar sözlər: ümumi tarazlıq; ko-inteqrasiya analizi; proqnoz qiymətləndirməsi