Nömrə: 05/2016
Müəllif(lər): Aygün Qarayeva, Gülzar Tahirova
Dil: İngilis dili
Tarix: 07 Iyul 2017-ci il
Tədqiqat işində fiskal institutların keyfiyyətinin dövlət xərclərinin səmərəliliyinə təsirləri araşdırılır. Bu zaman dövlət xərcləri və məhsul buraxılışı arasında tsiklik əlaqə HP filterdən istifadə etməklə hesablanır və hesablanmış göstərici dövlət xərclərinin səmərəliliyi üçün əvəzləyici dəyişən kimi istifadə olunur. Belə ki, əgər dövlət xərcləri konturtsiklikdirsə, dövlətin xərc siyasəti səmərəli hesab olunur. Xərclərin səmərəliliyinə institusional keyfiyyətin təsirini qiymətləndirmək üçün iqtisadi və siyasi institutların keyfiyyətini ölçən müxtəlif dəyişənlərdən istifadə olunur. Bundan əlavə, maliyyə bazarlarına çıxış da xərclərin effektivliyinin qiymətləndirilməsində əsas dəyişənlərdən biri kimi reqressiya tənliyinə daxil edilir. Empirik qiymətləndirmə panel data sabit təsirlər metodundan istifadə etməklə həyata keçirilir və bu zaman 45 ölkə üzrə 1996-2013-cü illəri əhatə edən statistik göstəricilərdən istifadə olunur. Ölkələr iqtisadi inkişaf səviyyələrini fərqləndirmək üçün Qərbi Avropa, Şərqi Avropa və MDBolmaqla üç qrupa ayrılır və hər qrup üzrə ayrı-ayrılıqda qiymətləndirmə aparılır. Ölkələrin qruplara bölünməsində əsas məqsəd dövlət xərclərinin səmərəliliyinin əsas müəyyənləşdirici amillərinin iqtisadi inkişafın müxtəlif mərhələlərində olan ölkə qruplarında nə dərəcədə fərqləndiyini müəyyən etməkdir. Empirik qiymətləndirmə nəticəsində inkişaf etmiş ölkələrdə dövlət xərclərinin effektivliyinin əsas determinantının iqtisadi institutların keyfiyyəti olduğu aydınlaşmışdır. İnkişaf etməkdə olan ölkələrdə isə maliyyə bazarlarına çıxış daha əhəmiyyətli faktordur. Eyni zamanda, müəyyən edilmişdir ki, demokratiyanın inkişafı dövlət xərclərinin protsikliyini artıraraq, dövlət xərclərinin səmərəliliyinə azaldıcı təsir göstərir.
Açar sözlər: fiskal siyasət, protsiklik, institusional keyfiyyət, panel data, sabit təsirlər
JEL təsnifatı: E62, E32, E02, D73