2012-ci ildə ölkə iqtisadiyyatının və ixracın şaxələnməsi, iqtisadi rifahın yüksəlməsi və makroiqtisadi dayanıqlığın güclənməsi prosesi daha da sürətlənmişdir. Qeyri-neft iqtisadiyyatı cari ilin on ayında 10.4% artaraq iqtisadi artımın başlıca amilinə çevrilmişdir. İqtisadi artıma və məşğulluğa həm daxili, həm də xarici tələb müsbət təsir göstərmişdir.
Cari ildə Mərkəzi Bank bəyan etdiyi pul siyasəti istiqamətlərinə uyğun olaraq ölkədə qiymətlərin və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətini davam etdirmişdir. Bu mandatın daha effektiv yerinə yetirilməsi üçün pul siyasəti və makroprudensial siyasət çərçivələri təkmilləşməkdə davam etmişdir.
Manatın məzənnəsinin sabitliyi qorunmuş, pul kütləsi inflyasiya hədəfinə uyğun templə artmışdır. Ölkədə inflyasiya birrəqəmli səviyyədə qalmış, orta illik inflyasiya tempi (1.3%) tərəfdaş ölkələrdən əhəmiyyətli aşağı olmuşdur. Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələrində azalma meyilləri müşahidə olunmuşdur.
İnflyasiyanın optimal səviyyədə olmasını nəzərə almaqla faiz dərəcələrinin daha da enməsinə şərait yaratmaq və bu yolla qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçün Mərkəzi Bankın İdarə Heyəti 10 dekabr 2012-ci il tarixindən etibarən uçot dərəcəsinin 5.25%-dən 5%-ə endirilməsi barədə qərar qəbul etmişdir.