2008-ci ildə Milli Bankın maliyyə sabiliyinin qorunması üzrə həyata keçirdiyi tədbirlər və pul siyasətinin yumşaldılması qlobal böhranın bank sisteminə təsirini əhəmiyyətli dərəcədə neytrallaşdırmışdır. Həyata keçirilən tədbirlər həmçinin inflyasiya gözləntilərinin azalmasına şərait yaratmışdır. Qlobal iqtisadi böhranın dərinləşməsi şəraitində Milli Bank 2009-cu il üçün bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq ölkədə makroiqtisadi tarazlığın, maliyyə sektorunun sabitliyinin və iqtisadi aktivliyin qorunmasına dəstək vermək üçün pul siyasətinin yumşaldılmasını davam etdirir. Bu istiqamətdə növbəti addım kimi, Milli Bankın İdarə Heyətinin qərarı ilə 2009-cu ilin fevralın 2-dən etibarən uçot dərəcəsi 8%-dən 5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 13%-dən 10%-ə endirilmişdir. Eyni zamanda həm manat, həm də xarici valyutada məcburi ehtiyat normaları 6%-dən 3%-ə salınmışdır. Ölkədə rəqabət qabiliyyətinin və maliyyə sabitliyinin qorunması üçün məzənnə siyasətinin çevikliyini daha da artırmaq məqsədilə mövcud bivalyuta səbəti mexanizminin struktur parametrlərinin modifikasiyası həyata keçirilmişdir.