Cari il ərzində ölkə iqtisadiyyatının dinamik inkişafı davam etmiş, valyuta balansının profisiti əhəmiyyətli artmış və ölkənin xarici dövlətlər ilə münasibətdə kreditor mövqeyi daha da güclənmişdir. Bu şəraitdə bank sisteminin sabitliyi xarici böhranların təsirindən etibarlı qorunmuşdur.
Dünya iqtisadiyyatında isə tənəzzül və deflyasiya meylləri güclənmişdir. Aparıcı ölkələrdə iqtisadi artım zəifləməyə başlamış, dünya maliyyə sistemində likvidlik böhranı davam etmişdir. Bu şəraitdə mərkəzi banklar maliyyə sabitliyinin qorunması sahəsində təsirli tədbirlər paketini həyata keçirməyə başlamışlar.
Yaranmış qlobal vəziyyətdə Milli Bank ölkədə maliyyə sabitliyinin daha da möhkəmləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərini davam etdirir. Pul siyasətinin yumşaldılması üzrə son qərarların (uçot dərəcəsinin və məcburi ehtiyat normalarının azaldılması) qəbul edilməsi maliyyə sabitliyinin gücləndirilməsi baxımından müsbət nəticələr vermişdir. Bu və digər preventiv tədbirlər nəticəsində bank sistemində likvidlik göstəricilərinin daha da yaxşılaşması təmin olunmuşdur.
Bu istiqamətdə növbəti addım kimi, Milli Bankın İdarə Heyətinin qərarı ilə 2008-ci ilin oktyabrın 31-dən etibarən uçot dərəcəsi 12%-ən 10%-ə, faiz dəhlizinin yuxarı həddi 17%-dən 15%-ə, dəhlizin aşağı həddi isə 3%-dən 1%-ə endirilmişdir.