Cari il ərzində Azərbaycan iqtisadiyyatı öz dinamik inkişafını davam etdirmişdir. İqtisadiyyat proqnozlaşdırılan inkişaf indikatorlarına uyğun inkişaf etmiş, qlobal maliyyə böhranı ölkədəki maliyyə sabitliyinin fundamental iqtisadi əsaslarına təsir etməmişdir. Yeni şəraitdə bank sistemi də dinamik artım və stabillik nümayiş etdirmiş, bankların iqtisadiyyatda maliyyə vasitəçisi rolu daha da inkişaf etmişdir. İl ərzində strateji valyuta ehtiyatları artaraq 17 mlrd. ABŞ dollarını ötmüş, ölkənin toplam xarici aktivləri onun öhdəliklərini 9 mlrd. ABŞ dolları üstələmiş, nəticədə Azərbaycanın dünya iqtisadiyyatı ilə maliyyə münasibətlərində kreditor mövqeyini daha da möhkəmlətmişdir. Strateji valyuta ehtiyatları Azərbaycanın beynəlxalq likvidliyinin daha da artmasını təmin edir – bu ehtiyatlar ölkənin məcmu xarici borcundan 1.7 dəfə çoxdur. Bununla belə, bank sistemində maliyyə sabitliyini daha etibarlı qorumaq və xarici risk amillərini qabaqlayıcı rejimdə neytrallaşdırmaq üçün Milli Bank preventiv siyasət tədbirlərini davam etdirir. Bu tədbirlər bank sisteminin xarici iqtisadi böhranlara qarşı davamlılığının daha da güclənməsinə yönəlmiş kompleks prudensial idarəetmə və likvidlik alətlərinin yüksək çevikliyinin təmin olunmasını əhatə edir. Cari ildə bank sisteminin potensial risklərə qarşı ehtiyatlanması səviyyəsi gücləndirilmiş, kredit, likvidlik və bazar risklərinin idarə olunması xüsusi nəzarətə alınmışdır.Həyata keçirilən tədbirlər bank sistemində likvidlik göstəricilərinin adekvat səviyyədə qorunub saxlanmasına və yüksəlməsinə, bu əsasda bankların maliyyə dayanıqlığının daha da artmasına imkan verir. Bu istiqamətdə növbəti addım kimi, Milli Bankın İdarə Heyəti 14 oktyabr 2008-ci il tarixindən etibarən uçot dərəcəsinin 15%-dən 12%-ə, faiz dəhlizinin yuxarı həddinin isə 20%-dən 17%-ə endirilməsinə dair qərar qəbul etmişdir. Milli Bankın İdarə Heyətinin qərarı ilə həmçinin bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 12%-dən 9%-ə endirilmişdir. Bankların xarici öhdəlikləri üzrə məcburi ehtiyat norması isə 5%-dən sıfra endirilmişdir. 2008-ci ilin oktyabr ayının 16-dan başlayaraq banklar tərəfindən məcburi ehtiyat normaları üzrə təqdim olunan hesabatlar artıq yeni normalara uyğun hesablanacaqdır. Milli Bank bank sistemində maliyyə sabitliyinin daha da gücləndirilməsi istiqamətində hazırda likvidliyin çevik tənzimlənməsi üzrə yeni alətlərin tətbiqi, bankların yenidən maliyyələşməsi üzrə daha təkmil mexanizmlərin yaradılması, iqtisadi dinamikaya təsirin digər alətləri və bank sistemində maliyyə dayanıqlığının daha da artırılmasının yeni vasitələrinin yaradılması üzrə məqsədyönlü iş aparır.