Yüksək iqtisadi artım və ölkənin maliyyə imkanlarının durmadan artması, əhalinin gəlirlərinin yüksəldilməsinə və iqtisadiyyatın infrastrukturunun modernləşməsinə yönəlmiş sosial-iqtisadi proqramların həyata keçirilməsi şəraitində iqtisadiyyatda məcmu tələb ilə məcmu təklif arasında tarazlığa nail olmaq üçün Milli Bank məqsədyönlü tədbirlər görür. Bu tədbirlər inflyasiyanın monetar amillərinə nəzarətin daha da gücləndirilməsinə yönəlmişdir. Milli Bankın əməliyyatları üzrə cari ilin ikinci rübündən müəyyən edilən “faiz dəhlizi”nin tətbiqi ilə uçot dərəcəsinin yüksəldilməsi iqtisadiyyatda müəyyən dezinflyasiya təsiri yaratmışdır. İqtisadiyyatda yığım normasını daha da artırımaq və məcmu xərclərin məhdudlaşdırılmasına nail olmaqla dezinflyasiya proseslərini daha da gücləndirmək üçün çevik faiz siyasətinin davam etdirilməsi tələb olunur. Qeyd olunanlarla yanaşı ölkədə məcmu tələbin artım tempinin məcmu təklif tempini üstələməsinin davam etməsini və bununla da özündə inflyasiya təzyiqi daşımasını nəzərə alaraq carı makroiqtisadi durumun qiymətləndirilməsi əsasında pul siyasətinin inflyasiya proseslərinə təsirini daha da artırmaq məqsədilə Milli Bankın İdarə Heyəti 1 iyun 2007-ci il tarixindən etibarən uçot dərəcəsinin 12%-dən 13%-ə yüksəldilməsinə, faiz dəhlizinin yuxarı və aşağı həddlərinin isə dəyişməz saxlanılmasına dair qərar qəbul etmişdir. Milli Bank bundan sonra da inflyasiyanın monetar və qeyri monetar amillərinin dinamikasının monitorinqini davam etdirəcək və uçot dərəcəsinin dəyişdirilməsi zəruriliyini inflyasiya səviyyəsindən asılı olaraq nəzərdən keçirəcəkdir.