26 iyul 2019-cu il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.5%-dən 8.25%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.25%, aşağı həddi isə 6.25% (uçot dərəcəsinə ±2%-lik diapazonda) müəyyən edilmişdir.
Dəqiqləşdirilmiş proqnozlara görə cari ilin sonuna qədər inflyasiyanın hədəf diapazonunda (4±2%) olacağı, lakin, daxili tələbin genişlənməsilə bağlı ilin sonuna onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı gözlənilir.
İlin qalan dövründə pul siyasəti qərarları inflyasiya proqnozunun reallaşması, yeni trendin reallaşma potensialı, o cümlədən daxili və xarici risklər balansının qiymətləndirilməsi əsasında veriləcəkdir.
İnflyasiya prosesləri. İdarə Heyətinin monetar siyasətə həsr olunmuş axırıncı toplantısından sonra mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınmış, qiymətlərin ümumi səviyyəsi iyunda 0.5% aşağı düşmüşdür. 12 aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən aşağıda olmaqla 2.9% təşkil etmişdir.
İnflyasiya səviyyəsinə başlıca təsiri ərzaq qiymətlərinin artımı (4.3%) göstərir. Tərəvəz məhsullarının, aksizli malların qiymət artımları ərzaq inflyasiyasının səviyyəsini şərtləndirən başlıca amillərdir. Qeyri-ərzaq (1.3%) və xidmətlər üzrə illik qiymət artımı (2.3%) inflyasiya hədəfi diapozonunun mərkəzindən aşağıda formalaşmışdır.
Məcmu tələbin genişlənməsi şəraitində anti-inflyasyon monetar şərait, habelə ikitərəfli və çoxtərəfli məzənnələrin dinamikası inflyasiya təzyiqini səngidir.
İnflyasiya gözləntiləri. Real sektor monitorinqinin nəticələrinə əsasən iyunda qiymət gözləntiləri əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında azalmış, qeyri-neft emal sənayesində və xidmət sahələrində isə artmışdır. Ev təsərrüfatları arasında iyun ayında aparılan sorğunun nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlər azalmaqda davam edir və onların payı cəmi 2.3%-dir. Bununla belə aparılmış təhlillər inflyasiya gözləntilərinin həssas və asimmetrik olduğunu göstərir.
2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı, daxili tələbin genişlənməsilə bağlı ilin sonuna onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı proqnozlaşdırılır.
Xarici şərait. Ölkənin xarici iqtisadi mövqeyi yaxşılaşmaqda davam edir. Xarici ticarət balansı profisitlidir və artmaqdadır. Yanvar-iyun aylarında malların ixracı 15.2%, o cümlədən, qeyri-neft ixracı 13.5% artmaqla monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artım tempini (11.6%) üstələmişdir. Neftin orta qiyməti ilin ötən dövründə 66 dolları üstələmişdir (2018-ci ildə 72 dollar).
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 9.7% və ya 4.3 mlrd. dollar artaraq 49.1 mlrd. dollara çatmışdır.
Beynəlxalq təşkilatlar cari ildə qlobal iqtisadi artım, o cümlədən ölkəmizin bir neçə əsas ticarət tərəfdaşları üzrə iqtisadi artım proqnozlarını azalmağa doğru təshih etmişdir. Qlobal qeyri-müəyyənliklər və ticarət qarşıdurmaları qalmaqdadır.
Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 7.1%, o cümlədən ət məhsulları üzrə 8.4%, süd məhsulları üzrə isə 17.2% yüksəlmişdir (Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).
Xarici monetar şərait yumşalmaqda davam edir və inkişaf etməkdə olan ölkələr qrupuna daxil olan əsas xarici ticarət tərəfdaşlarında makroiqtisadi sabitliyə müsbət təsir göstərir.
İqtisadi aktivlik. İqtisadi artım xarici tələb, istehlakın və qeyri-neft investisiyalarının genişlənməsilə dəstəklənir. 2019-cu ilin I yarımilliyində ötən ilin eyni dövrünə nəzərən ümumi daxili məhsul real olaraq 2.4% artmışdır. Qeyri-neft sektorunda artım 3.2% olmuş və əsasən ticari sektordan qaynaqlanmışdır. İqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar I yarımillikdə 5.1% artmışdır. Ev təsərrüfatlarının gəlirlərinin artım tempinin yüksəlməsi müəyyən gecikmə effekti ilə pərakəndə ticarət və pullu xidmətlərin artım tempinin yüksəlməsilə müşaiyət olunur. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda ticarət və xidmət sektorunda artmışdır.
İnflyasiya riskləri. İnflyasiya üzrə risklər balansında xarici amillər əhəmiyyətli olaraq qalır. Geosiyasi və geoiqtisadi amillər dünya əmtəə bazarlarında volatilliyi və məzənnə, inflyasiya gözləntilərini gücləndirə bilər.
Mərkəzi Bank tərəfindən əhalinin gəlirlərinin və istehlak davranışının analizi göstərir ki, ilin ikinci yarısında bu amillərin inflyasiyaya təsiri bir qədər aktivləşə bilər. Hazırda isə valyuta bazarında, xüsusilə fiskal kanal vasitəsilə təklifin tələbi əhəmiyyətli üstələməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsinə davamlı təzyiq yaradır.
İnflyasiya risklərinin neytrallaşdırılması həlledici dərəcədə qəbul edilmiş makroiqtisadi çərçivənin effektli icrasından – büdcə qaydalarına əsaslanan fiskal intizamdan və qiymət sabitliyinə yönəlmiş çevik və müstəqil monetar siyasətdən asılıdır.
Monetar şərait. İdarə Heyətinin monetar siyasətə həsr olunmuş son iclasından keçən dövrdə monetar şəraitin yumşalması davam etmişdir.
İlin əvəlindən manatla pul bazası 7% artmışdır. Pul təklifinin artım tempinin yüksəlməsi başlıca olaraq sosial xarakterli fiskal stimulların həyata keçirilməsi nəticəsində xəzinə hesabından xərcləmələrin aktivləşməsi ilə bağlıdır.
Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dəyişməsindən əlavə iyul ayının 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə maksimal faizlərin azaldılması bank resurslarının dəyərini azaltmaqla kredit faizlərinə azaldıcı təsir göstərməlidir.
Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar inflyasiya hədəfinə nail olunması vəziyyəti, xarici və daxili risk balansında dəyişikliklər, xüsusən də fiskal stimulların qiymətlərə transmissiyasından asılı olaraq qəbul ediləcəkdir. İnflyasiya hədəf və proqnoz daxilində formalaşdığı təqdirdə monetar şəraitin neytrallığa doğru dəyişmə trendi davam etdirilə bilər.
Bu qərar 26 iyul 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-ci il sentyabr ayının 13-də ictimaiyyətə təqdim ediləcəkdir. Növbəti mətbuat konfransı isə qrafikə uyğun olaraq oktyabr ayının 25-də keçiriləcəkdir.