(12 dekabr 2019-cu il tarixində İsveçin Stokholm şəhərində keçirilmiş BİA19 toplantısı)
13 dekabr 2019-cu il: Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasının reallaşması nəticəsində bu gün Azərbaycanda sosial-iqtisadi inkişafın bütün istiqamətlərində tarixi nailiyyətlər əldə olunub. 2003-cü ildə ölkə Prezidenti seçilmiş İlham Əliyev ölkənin daha da müasirləşməsinə hədəflənən yeni strateji vəzifələr irəli sürdü və ölkəmizin sosial- iqtisadi həyatında radikal dönüşə nail olundu.
İqtisadi quruculuq tarixinə “qızıl dekada” kimi daxil olan bu dövrdə milli iqtisadiyyat 3 dəfədən çox böyüdü, orta iqtisadi artım tempi orta dünya iqtisadi artım tempini 3 dəfədən çox qabaqladı. Azərbaycan yuxarı-orta gəlirli ölkələr qrupuna daxil oldu, yoxsulluq səviyyəsi 9 dəfədən çox azalaraq 5%-ə düşdü, 1 milyondan çox yeni iş yeri yaradıldı, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yüksəldi. Valyuta ehtiyatları 28 dəfə artdı və illik ÜDM səviyyəsinə çatdı.
Qazanılan nailiyyətlər Azərbaycan iqtisadiyyatının müasirləşməsini təmin etməklə onun beynəlxalq siyasi-iqtisadi nüfuzunu daha da artırdı. İqtisadi qüdrətini davamlı şəkildə yüksəldən ölkəmiz dünya miqyasında kreditor mövqelərini gücləndirməkdədir. Ölkədə həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq, eyni zamanda əldə olunan iqtisadi uğurlar, maliyyə imkanlarının artması nəticəsində Azərbaycan xarici ölkələrdə müxtəlif irimiqyaslı investisiya layihələrini maliyyələşdirir, o cümlədən sosial-mədəni layihələr həyata keçirir, humanitar yardımlar göstərir. Tədricən kreditor və mühüm investor ölkəyə çevrilməkdə olan Azərbaycan eyni zamanda donor ölkə statusu qazanmağa başladı.
Azərbaycan bu mövqeyə gəlib çıxmaq üçün uzunmüddətli iqtisadi quruculuq yolu keçmiş və bütün bu işləri mütərəqqi beynəlxalq təcrübə əsasında həyata keçirmək üçün beynəlxalq maliyyə-kredit institutları, xüsusilə, Dünya Bankı (DB) ilə sıx əməkdaşlıq etmişdir. Struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması bu dövrdə Azərbaycanla DB arasında əməkdaşlığın başlıca istiqamətləri olmuşdur.
2019-cu ilin yanvar ayında ölkə Prezidenti İlham Əliyev DB-nin keçmiş baş icraçı direktoru, Beynəlxalq Valyuta Fondunun hazırki icraçı direktoru xanım Kristalina Georgiyeva ilə Davosda keçirdiyi görüşündə DB ilə əməkdaşlığı yüksək qiymətləndirmiş və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdır. Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirən xanım Kirstalina Georgiyeva qeyd etmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. Xanım Georgiyeva Azərbaycanın nail olduğu maliyyə-iqtisadi qüdrətini nəzərə alaraq Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) yoxsul ölkələrə yardım proqramına donor ölkə kimi qoşulmasını təklif etmişdir. Qeyd etmişdir ki, Azərbaycan vaxtilə DB-dən yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub. Dövlətimizin başçısı DB-nin sözügedən proqramda Azərbaycanın donor kimi çıxış etmək təklifini məmnuniyyətlə qəbul etmişdir.
12 dekabr 2019-cu il tarixində İsveçin Stokholm şəhərində keçirilən BİA-nın 19-cu Resurslara Əlavələr Təşəbbüsü üzrə yekun iclasında Azərbaycanın vaxtilə BİA-dan kredit alan ölkədən DB-nin yoxsul ölkələrə yardım proqramına dəstək göstərən donor ölkəyə çevrilməsi barədə rəsmi qərar qəbul edilmişdir. Bununla da Azərbaycan BİA-ya yalnız maliyyə dəstəyi göstərən ölkə yox, eyni zamanda BİA ölkələri ilə özünün uğurlu inkişaf təcrübəsini bölüşməyə hazır ölkə kimi qiymətləndirilmiş oldu. Toplantıda Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, biznes idarəetmə islahatları, dövlət xidmətlərinin keyfiyyətli və səmərəli formada çatdırılması, neft gəlirlərinin istifadəsində şəffaflıq və effektivlik, iqtisadi və sosial infrastrukturun müasirləşdirilməsi və sair bu kimi istiqamətlərdə əldə olunmuş uğur təcrübəsinə malik olduğu qeyd olunmuşdur. Azərbaycanın BİA-ya donor ölkə olması onun beynəlxalq arenada nüfuzunun artması və etibarlı qlobal tərəfdaş olmasının yeni bir nümunəsidir. Hazırda BİA-ya üzv olan 173 ölkədən yalnız 55-i donor ölkə statusuna malikdir.
Qeyd etmək lazımdır ki, əslində Azərbaycan vaxtilə BİA üzrə kreditlərin böyük hissəsini vaxtından əvvəl ödəməklə quruma donorluq dəstəyi göstərmişdir. Belə ki, 2012-ci ildə BİA Azərbaycanın böyük iqtisadi uğurlara nail olduğunu, maliyyə qüdrətinin artdığını və bunun nəticəsində dünyada yuxarı orta gəlirli ölkələr sırasına daxil olduğunu nəzərə alaraq, qalıq borcların ödənilməsinin sürətləndirilməsi və vaxtından əvvəl qismən ödənilməsi üçün Azərbaycana müraciət etmişdir. Azərbaycan bu müraciətə dəstək olaraq 2013-cü ildə BİA-ya 300 mln. $ vəsait ödəmişdir.
Bu gün ölkə Prezidenti yeni sosial-iqtisadi çağırışları nəzərə alaraq ölkədə yeni nəsil islahatlara start vermişdir. Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanib. Geniş miqyaslı bu islahatlar ölkədə yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün zəmin yaradır. Son dövrlər həyata keçirilən struktur-institusional islahatlar keyfiyyətçə yeni sosial-iqtisadi artım modelinə keçidi dəstəkləyir və bu islahatların əsas hədəfi Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasıdır. Ölkədə aparılan bu islahatlar Azərbaycanın iqtisadi qüdrətini daha da gücləndirəcək və onun beynəlxalq aləmdə nüfuzunu daha da artıracaqdır.