31 yanvar 2020-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7.5%-dən 7.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdir (9% və 5.5%).
Faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar makroiqtisadi fundamentalların dinamikasından və inflyasiya risklərinin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcəkdir.
İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi azalaraq hədəf diapazonunun aşağı həddinə yaxınlaşmışdır. Dekabrda inflyasiya gözlənildiyindən az olduğundan (0.5%) illik inflyasiya tempi 2.4%-ə enmişdir.
Ümumi inflyasiyaya dinamika verən ərzaq məhsulları üzrə qiymətlərin illik artımı 4.2% təşkil etmişdir. Ərzaq inflyasiyasının hədəf diapazonunun mərkəzindən yuxarıda olması məcmu tələbin genişlənməsi ilə yanaşı dünya ərzaq bazarında qiymətlərin artımından irəli gəlir. Dünya ərzaq qiymətləri indeksi son ayda 2.5%, son 1 ildə isə 12.5% artmışdır. O cümlədən, son 1 ildə dünya qiymətləri ət məhsulları üzrə 17.9%, süd məhsulları üzrə 17%, bitki yağları üzrə 31%, şəkər üzrə 6% yüksəlmişdir.
Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templəri müvafiq olaraq 1% və 0.9% təşkil etmişdir. Qeyri-ərzaq malları üzrə inflyasiyanın aşağı səviyyəsi məcmu təklifin daxili istehsal hesabına artması, habelə bəzi tərəfdaş ölkələrdə milli valyutaların məzənnəsinin ucuzlaşması ilə izah edilir. İnzibati qiymətlərdə artımın olmaması xidmətlər üzrə aşağı templi bahalaşmanı şərtləndirən amillərdən biridir.
Faktiki inflyasiyanın artıq 8 rüb davam edən aşağı səviyyəsi və valyuta bazarında tarazlıq inflyasiya gözləntilərinin stabil qalmasını şərtləndirir. Real sektorun monitorinqinə görə inflyasiya gözləntiləri cari ilin yanvarında əvvəlki aya nəzərən qeyri-neft sənayesində və tikintidə azalmış, ticarət sahəsində isə dəyişməmişdir.
Yenilənmiş proqnozlar göstərir ki, mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə inflyasiya hədəf intervalında (4±2%) qalacaqdır.
Monetar şərait. 2019-cu ildə monetar şəraitin yumşalması həm pulun dəyərinin azaldılması, həm də pulun həcminin artması istiqamətində baş vermişdir.
Pul bazası 2019-cu ildəki 27.3%-lik artımın ardınca, 2020-ci ilin yanvar ayının ötən dövründə 4.5% azalmışdır ki, bu da əsasən vahid xəzinə hesabının qalığının dəyişimi ilə bağlı olmuşdur.
Monetar şəraitin yumşalması tədricən kredit qoyuluşlarının həcminin artması, kreditlərin müddətinin uzanması və yeni kreditlər üzrə orta faizlərin azalmasına transmissiya olunmaqdadır. Dövlət qiymətli kağızları və Mərkəzi Bankın notları üzrə faiz gəlirliliyinin aşağı düşməsi də müşahidə olunur.
İqtisadi aktivlik. Məcmu tələbin, xüsusən də, istehlakın genişlənməsi fonunda iqtisadi artımın müsbət dinamikası davam edir. Rəsmi statistikaya görə 2019-cu ildə real iqtisadi artım 2.2% təşkil etmişdir. İqtisadi artım qeyri-neft sektorunda 3.5% olmuşdur ki, bu da əsasən ticari sektordan qaynaqlanmışdır. Belə ki, ticari sektorda artım 10.5%, qeyri-ticari sektorda isə 2.2% olmuşdur.
Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi cari ilin yanvarında ötən ayla müqayisədə qeyri-neft sənayesində və ticarət sektorunda artım, tikinti sektorunda sabit səviyyədə qalmışdır.
Beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır. Neftin 1 barelinin orta qiyməti 2019-cu ildə 64.2 dollar, 2020-ci ilin yanvarında 63.7 dollar təşkil etmişdir. 2019-cu ildə qeyri-neft ixracı 15.7% artaraq monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımını (6.6%) 2 dəfədən çox üstələmişdir.
Ölkənin strateji valyuta ehtiyatları 2019-cu ildəki 14%-lik artımın ardınca, 2020-ci ilin yanvar ayının ötən dövründə 1.9% (986 mln. dollar) artaraq 52 mlrd. dolları ötmüşdür.
İnflyasiya riskləri. Qısamüddətli horizontda inflyasiya riskləri balansında sabitləşdirici amillər üstünlüyünü qorumaqdadır. Bu, əsasən əlverişli beynəlxalq konyunktur və qeyri-neft ixracının genişlənməsinin valyuta bazarına və gözləntilərə təsirləri ilə bağlıdır. Lakin, digər tərəfdən dövlət büdcəsinin cari xərclərinin və pul kütləsinin əhəmiyyətli artması, habelə dünya ərzaq qiymətlərinin yüksəlməsi müəyyən zaman intervalı ilə qiymətlərə təsir göstərə bilər. Qlobal iqtisadi aktivlikdəki səngimə ilə bağlı beynəlxalq əmtəə və maliyyə bazarlarındakı dəyişkənlik daxili makroiqtisadi vəziyyətə təsir potensialını saxlayır. Son vaxtlar koronovirusun təsiri ilə dünyanın ikinci böyük iqtisadiyyatında iqtisadi artımın zəifləməsi ehtimalı dünya əmtəə bazarlarında dəyişkənlik risklərini artırır.
Mərkəzi Bank növbəti pul siyasəti qərarlarını qəbul edərkən monetar şəraitin makroiqtisadi təsirlərini, maliyyə-pul bazarlarının müxtəlif seqmentlərində faizlərin dinamikasını, faktiki və proqnozlaşdırılmış inflyasiyanın səviyyəsini nəzərə alacaqdır.
Bu qərar 31 yanvar 2020-ci il tarixindən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2020-ci il mart ayının 19-da ictimaiyyətə açıqlanacaqdır.