19 mart 2020-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdır.
Bu qərar başlıca olaraq İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə qlobal mühitdə baş verən əhəmiyyətli dəyişikliklər və onun təsiri altında yaranmış qeyri-müəyyənliklər nəzərə alınmaqla qəbul edilmişdir.
Mart ayının əvvəllərindən koronavirus pandemiyasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft ixracatçıları arasında OPEK+ sazişinin uzadılmaması neftin qiymətinin cari ildə 2 dəfədən çox azalması ilə nəticələnmişdir.
Xarici şok şəraitində Azərbaycan hökuməti və Mərkəzi Bankın koordinasiya olunmuş fəaliyyəti nəticəsində valyuta bazarında tarazlıq təmin edilir. İlin əvvəlindən inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməmiş, 12 aylıq inflyasiya 2.9% olmaqla hədəf diapazonunun mərkəzindən aşağıda qalmışdır. Pul bazası ilin əvvəlindən 11% azalmışdır ki, bu da monetar şəraitin sərtləşməyə başladığını göstərir.
Buna baxmayaraq dövr ərzində iqtisadi aktivlik qorunmuş, iqtisadi artım 2.8%, qeyri-neft sektorunda iqtisadi artım isə 6.7% təşkil etmişdir.
Qlobal iqtisadiyyatdan gələn qeyri-monetar şokun həm ölkədaxili tələbə, həm də təklifə mənfi təsirləri Mərkəzi Bankın qiymət və maliyyə sabitliyi ilə iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi arasında balanslı mövqe tutmasını şərtləndirir.
Son illər ölkədə yaradılmış iqtisadi və maliyyə potensialı qeyd olunan məqsədlər toplusunu optimallaşdırmaq üçün yetərli səviyyədədir. Mərkəzi Bank izafi pul kütləsinin sterilizasiyası üçün öz portfelini genişləndirəcək, zəruri hallarda arsenalındakı mövcud alətlərlə bank sisteminin likvidlik tələbatını tam ödəyəcəkdir.
Yaranmış vəziyyətdə Mərkəzi Bank qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır.
Bu qərar 19 mart 2020-ci il tarixindən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il may ayının 1-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.