Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) real rejimdə istismara verilmişdir.
Cari ilin 1 oktyabr tarixindən AÖS-ə inteqrasiya olunmuş banklarda, habelə onların internet və mobil bankçılıq xidmətləri vasitəsilə əhali üçün qeydiyyat, hesablararası köçürmə və ödəniş funksionallıqları istifadəyə təqdim olunmuşdur. Qeyd olunan funksionallıqların tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN, VÖEN, mobil nömrə, e-poçt) aparılması imkanı yaradılmışdır. İstifadəçilər iştirakçı bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə, eləcə də müvafiq bank bölmələrinə müraciət edərək AÖS üzrə qeyd olunan əməliyyatları həyata keçirə bilərlər.
Hazırda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC , “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Premium Bank” ASC, “Muğanbank” ASC, “Bank Avrasiya” ASC, “Expressbank” ASC, “AFB Bank” ASC, “Günay Bank” ASC, “Naxçıvanbank” ASC, “Ziraat Bank Azərbaycan” ASC və “Melli İran Bankı” Bakı filialı AÖS-ə inteqrasiya olunmuşdur. AÖS üzrə xidmətlər “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Expressbank” ASC tərəfindən filial şəbəkəsi, habelə internet və mobil bankçılıq vasitəsilə, digər banklar tərəfindən isə ilkin mərhələ üçün yalnız filial şəbəkəsi vasitəsilə göstərilir.
Əhali və biznes subyektlərinin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutulmayacaqdır.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksional imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir. Cari ilin sonunadək sistemin mobil tətbiqi və internet səhifəsi real rejimdə istismara veriləcək, habelə kiçik təsərrüfat subyektlərinə “QR kod” və “NFC” kimi texnoloji həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqlar təqdim ediləcəkdir. Eyni zamanda, vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş qurumlar tərəfindən göstərilən 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi təmin olunacaqdır.