07 dekabr 2020-ci il, Bakı: Qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 2016-cı il martın 4-dən qüvvəyə minən Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanmışdır. Növbəti dövrlərdə, Qanuna edilmiş dəyişikliklər əsasında sözügedən müddət 4 dekabr 2020-ci il tarixinədək uzadılmışdır.
Əmanətlərin tam sığortlanması sxeminin 2016-cı ildən tətbiqi nəticəsində maliyyə sabitliyi qorunub saxlanılmış, əmanətlərin dinamikasında sabitləşmə təmin edilmiş, bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Ötən dövr ərzində, bank sektoru üzrə aparılmış sağlamlaşdırma tədbirlərinin nəticələri və əmanətlərin tam sığortalanması mexanizminin maliyyə sabitliyinin lövbəri rolunu oynaması nəzərə alınmaqla, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair hərtərəfli strategiya hazırlanmışdır. Strategiya Azərbaycan Respublikasının Baş Nazirinin rəhbərliyi altında Azərbaycan Respublikasının İqtisadi Şurasında geniş müzakirə edilmiş, müzakirələrin nəticəsi olaraq 5 aprel 2021-ci ilədək keçid dövrü müəyyən edilməklə əmanətlərin tam sığortalanması sxemindən çıxılması və cari situasiyaya uyğun əmanətlərin sığortalanması üzrə daha təkmil çərçivənin formalaşdırılması məqsədəuyğun sayılmış, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklərin edilməsi təklif olunmuş və müvafiq Qanun layihəsi Milli Məclisə təqdim olunmuşdur:
Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər dövlətimiz tərəfindən pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlarla ahəngdarlıq təşkil edir. Nəzərdə tutulan dəyişiklliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsini təkmilləşdirməyə, bazar intizamı və rəqabət mühitini gücləndirməyə, beləliklə bank sisteminin dayanıqlığı və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcəkdir.