18 iyun 2021-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
İnflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlmişdir. Qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır. İnflyasiyanın tələb amillərinin davamlılığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. İlin qalan dövründə qeyri-monetar amillərin inflyasiyaya təsirinin yüksələcəyinə baxmayaraq inflyasiya proqnozu dəyişdirilməmişdir. Tədiyə balansının yaxşılaşması makroiqtisadi sabitliyin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyir və inflyasiya amillərini tarazlaşdırır. Risklər balansı və növbəti aylarda mövsümi amillərin inflyasiyaya təsirinin fəallaşması gözləntiləri qəbul edilmiş qərarı şərtləndirən başlıca amillərdir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, gözlənilən inflyasiyanın hədəflə müqayisəsi və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir.
İnflyasiya prosesləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya tempi hədəf çərçivəsində (4±2%) qalmışdır. Rəsmi statistikaya görə mayda istehlak qiymətləri indeksi sabit qalmış, 12 aylıq inflyasiya 4.9% təşkil etmişdir.
Ümumi inflyasiyanın başlıca ənənəvi mənbəyi olan ərzaq inflyasiyasına mövsümi faktorlar azaldıcı, dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi isə artırıcı təsir edir. Mövsümi amillər əsasən yerli meyvə-tərəvəz məhsullarının ucuzlaşması ilə müşayiət olunur. Mayda ərzaq qiymətləri orta hesabla 0.6% azalmış, illik ərzaq inflyasiyası 5.2% təşkil etmişdir.
Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri inflyasiya idxalı və məcmu tələbin bərpası ilə yanaşı daxili xərc amillərindən də təsirlənir. İllik əsasda may ayında qiymətlər qeyri-ərzaq məhsulları üzrə 4.4%, xidmətlər üzrə isə 4.8% yüksəlmişdir. Beləliklə, illik inflyasiyanın strukturunda qeyri-ərzaq məhsulları və xidmətlərin qiymət dəyişiminin rolu artmışdır.
Dövlət tərəfindən tənzimlənən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-may aylarında 2.6% təşkil etmişdir.
Faktiki inflyasiyanın inersiyası inflyasiya gözləntilərində də özünü göstərir. Real sektor üzrə monitorinqə görə qeyri-neft sənayesi, ticarət və tikintidə qiymət gözləntiləri indeksi artıq 3-cü aydır ki, pozitiv zonada qərarlaşmışdır. İnflyasiya gözləntiləri may ayında əvvəlki aya nəzərən qeyri-neft sənayesində, ticarətdə və xidmət sektorunda cüzi azalmış, tikinti sektorunda isə artmışdır.
İyun ayında yenilənmiş proqnozlara görə 2021-ci ilin sonuna illik inflyasiya hədəf diapazonunda qalacaqdır. İyun, iyul və avqust aylarında mövsümi amillərin inflyasiyaya azaldıcı təsirlərinin davam edəcəyi gözlənilir.
Xarici sektor. Qlobal iqtisadiyyatın bərpası və əmtəə bazarlarında qiymətlərin yüksəlməsinin inflyasiyaya təsirləri çoxtərəflidir.
COVİD-19 əleyhinə peyvəndləmənin sürətlənməsi və ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin yumşaldılması qlobal iqtisadiyyatda fəallığın yüksəlməsi ilə müşayiət olunur. Son meyilləri də nəzərə alaraq Dünya Bankı və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı qlobal iqtisadi artıma dair proqnozlarını yüksəltmək istiqamətində təshih etdilər.
Qlobal iqtisadi aktivliyin artması neftə tələbi yüksəldir. OPEC++ razılaşması çərçivəsində tələbin artımına konservativ reaksiyanın verilməsi şəraitində neftin qiyməti yüksəlməkdə davam edir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 64 ABŞ dollarını, iyun ayının əvvəlindən isə son 2 ilin maksimumuna çataraq 70 ABŞ dollarını üstələmişdir.
Qlobal mühitdəki son meyillər, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi valyuta bazarında sabitliyin əsas faktoru olan tədiyə balansına müsbət təsir edir. 2021-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 5.6%-i səviyyəsində profisit formalaşmış, kapital hesabı da profisitli olmuşdur. İyunda 2021-ci il üçün cari əməliyyatlar hesabının profisitinə dair illik proqnoz yüksəlmə istiqamətində təshih edilmişdir.
Profisitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2.8% (1.5 mlrd. ABŞ dolları) artaraq 52.3 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlmişdir.
Dünya ərzaq qiymətlərinin yüksəlməsinin daxili inflyasiyaya birbaşa və dolayı artırıcı təsirləri davam edir. Dünya ərzaq qiymətləri may ayında 4.8%, son 12 ayda isə 39.7% yüksəlmişdir.
Monetar şərait. Monetar şəraitdə ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik baş verməmişdir.
İlin əvvəlindən bəri pul bazasının dəyişimi pozitiv zonaya keçmişdir. İlin qalan dövründə pul təklifinin artımının əsasən vahid xəzinə hesabı qalığının dəyişimindən asılı olaraq davam edəcəyi gözlənilir. Ölkədə nağdsızlaşma prosesinin sürətlənməsi pul təklifinin strukturuna da təsir edir, nağd pula tələbin azalması müşahidə edilir.
Monetar və makroprudensial stimullar, eləcə də dövlətin güzəştli proqramları kredit aktivliyini dəstəkləyir. 5 ayda bank sistemi üzrə kredit portfeli 3.8%, o cümlədən biznes kreditləri 2.4% artmışdır. Bu dövrdə tikinti və bir sıra əlaqəli real sektor sahələrində iqtisadi fəallığa dəstək verən ipoteka kreditləri 7.2% artmışdır. İstehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri 5.1% artsa da pandemiyadan öncəki səviyyəni bərpa etməmişdir.
Maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Ötən iclasdan sonra dövlət qiymətli kağızlarının gəlirliyi azalmış, depozit və kredit faizlərində isə əhəmiyyətli dəyişiklik baş verməmişdir. Kreditlərə tələbin tədricən artması bəzi bank qrupları üzrə depozit və kredit faizlərinə artırıcı təsir edir.
Dollarlaşmanın azalması davam edir. Fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə üstün paya sahib olmuşdur. 5 ayda əhalinin müddətli manat əmanətləri 16.1% artmışdır.
İqtisadi fəallıq. İstehsal güclərinin tam yüklənmədiyi şəraitdə məcmu tələb yüksəlməkdə davam edir.
Peyvəndləmənin geniş miqyas alması və epidemioloji vəziyyətin nisbətən yaxşılaşması iqtisadi aktivliyə müsbət təsir edir. 2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz sektorunda 4.5%-lik iqtisadi artım olmuşdur. Qeyri neft-qaz sektorunun ticari sahələrində 10.1% (sənaye və kənd təsərrüfatı), qeyri-ticari sahələrində isə 3.2%-lik artım baş vermişdir.
İqtisadi artım dövlət investisiyaları, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin başlanması, xarici tələb, eləcə də istehlak tələbinin nisbi canlanması ilə dəstəklənir. Bununla belə, qiymətləndirmələrə görə məcmu tələb pandemiyanın başlamasından əvvəlki səviyyəyə hələ çatmamışdır.
Keçirilmiş sorğular bir sıra sahələrdə iqtisadi aktivliyin bərpasını təsdiqləyir. Real sektorun monitorinqinə görə may ayında biznes inam indeksi xidmət və tikinti sektorlarında artım meyilli olmuş, ticarətdə pozitiv zonada qalmaqla dəyişməmişdir. Xidmət sektorunda biznes inam indeksinin yüksəlməsi əsasən faktiki tələb hesabına baş vermişdir. Sorğuya cəlb edilən qeyri-neft sənaye müəssisələri üzrə istehsal gözləntiləri son ayda qalxmışdır.
İnvestisiya və istehlak tələbində müşahidə edilən nisbi fəallaşma təklifin də adekvat artımı ilə müşayiət olunduğundan hələ ki, tələb inflyasiyası təzyiqi yaratmır.
Risklər balansı. İnflyasiya üzrə risk balansında artırıcı amillərin rolu artmışdır. Artırıcı amillərə əsasən qeyri-monetar xarakter daşıyan xərc amilləri aiddir. İqtisadi artımın və uyğun olaraq məcmu tələbin bərpası prosesinin qısa və ortamüddətli perspektivdə əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Qiymətləndirmələrə görə ilin qalan dövründə monetar amillərin inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayacaqdır. Tədiyə balansının yaxşılaşması valyuta bazarında sabitliyi möhkəmləndirməklə xarici və daxili xərc amillərinin, xüsusilə də dünya ərzaq bazarında bahalaşmanın inflyasiyaya artırıcı təsirlərini neytrallaşdırır.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiya hədəfinə nail olunması vəziyyəti, inflyasiya gözləntiləri, xarici və daxili risklərin dəyişiminin təsirləri nəzərə alınmaqla qəbul ediləcəkdir.
Bu qərar 18 iyun 2021-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il iyul ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.