2 may 2017-ci il, Bakı: 1 may 2017-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası keçirilmişdir. İclasda son makroiqtisadi proseslər geniş müzakirə olunmuşdur. Müzakirələrdə makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vəziyyəti və başlıca makroiqtisadi risklər nəzərdən keçirilmişdir.
İclasda qeyd olunmuşdur ki, cari ildə tədiyə balansında yaxşılaşma meyilləri müşahidə edilir. Nisbətən əlverişli neft qiymətləri, ixracın, o cümlədən qeyri-neft ixracının artması, habelə rüblük idxalın azalması tədiyə balansının cari hesabına müsbət təsir göstərmişdir. Yaranmış vəziyyətdə 2017-ci ilin sonuna xarici ticarət balansında və cari əməliyyatlar hesabında müsbət saldonun yaranacağı gözlənilir.
Cari ilin ötən dövründə qəbul edilmiş makroiqtisadi sabitlik çərçivəsi üzrə tədbirlər planının ardıcıllıqla həyata keçirilməsi, o cümlədən antiinflyasiya xarakterli mühafizəkar pul siyasəti makroiqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynamışdır.
Tədiyə balansında müsbət meyillər və bu şəraitdə valyuta təklifi kanallarının genişlənməsi son aylarda manatın məzənnəsinin möhkəmlənmə trendini gücləndirmişdir. Mərkəzi Bankın valyuta bazarında iştirakının əhəmiyyətli məhdudlaşmasına baxmayaraq manatın məzənnəsində volatillik azalmış və alış-satış məzənnələri arasında spred minimuma enmişdir.
Milli valyutanın möhkəmlənməsi trendinin və daxili tələb amillərinin təsiri altında inflyasiya gözləntiləri səngiməyə başlamışdır. Aparılan son sorğulara görə əhalinin bütün gəlir qrupları üzrə inflyasiya gözləntilərinin azalması müşahidə olunmuşdur. Cari ilin son 3 ayında aylıq inflyasiya templəri yanvar ayına nəzərən aşağı olmuşdur.
Mövcud situasiyanı və yaranmış yeni makroiqtisadi meyilləri nəzərə alaraq pul proqramının həyata keçirilməsində çeviklik artırılmışdır. Yaranmış vəziyyət makroiqtisadi sabitliyə xələl gətirmədən pul təklifini nisbətən artırmağa imkan vermişdir.
Həyata keçirilən sabitləşdirmə tədbirlərinin inflyasiyanın azalmasına ötürülməsi xüsusiyyətlərini və vaxtını, makroiqtisadi risklər xəritəsində baş verən dəyişiklikləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz saxlanması barədə qərar qəbul etmişdir.