Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, o cümlədən inflyasiyanın məqbul səviyyədə saxlanması və milli valyutaya etimadın gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilməkdədir. Bu tədbirlər çərçivəsində cari ilin ötən dövründə pul kütləsinin artım kanalları məqsədyönlü idarə olunmuş, bunun üçün makroiqtisadi siyasətin müvafiq mexanizmlərindən effektiv istifadə edilmiş, pul siyasəti alətlərinin kəmiyyət parametrlərinə zəruri korreksiyalar edilmiş, irimiqyaslı sterilizasiya əməliyyatları həyata keçirilmişdir. 2016-cı il ərzində milli valyutanın məzənnəsi ötən ilin sonunda elan edilmiş yeni məzənnə rejimi çərçivəsində tədiyyə balansındakı meyillərə, valyuta bazarında tələb və təklifin nisbətinə uyğun olaraq dəyişmişdir. Mərkəzi Bankın valyuta bazarında iştirakı minimuma endirilmiş, bazara müdaxilə yalnız məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin tənizmlənməsinə yönəlmişdir. Bu dövrdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta satışları Mərkəzi Bankda təşkil olunmuş valyuta satışı hərracları vasitəsilə həyata keçirilmişdir.
Son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranmışdır.
Bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılmışdır.
Eyni zamanda makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meyilləri nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişmişdir. Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul etmişdir.