2014-cü ilin birinci yarısında ölkə iqtisadiyyatında dinamik inkişaf, milli gəlirin və rifah səviyyəsinin yüksəlməsi prosesləri davam etmişdir. Azərbaycan milli iqtisadiyyatın maliyyə dayanıqlığı və makroiqisadi sabitlik göstəricilərinə görə dünyada ön mövqelərini inamla qorumaqdadır.
Cari ilin birinci yarısında ölkədə iqtisadi artım 2.1% təşkil etmiş, o cümlədən qeyri-neft iqtisadiyyatı 7% artmışdır. İqtisadi artımda daxili inkişaf mənbələri əhəmiyyətli rol oynamaqdadır. Mövcud inkişaf dinamikası şəraitində iqtisadi artım, məşğulluq və inflyasiya arasında optimal tarazlıq təmin olunmuşdur. Dövr ərzində orta illik inflyasiya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.4% bəndi azalaraq 1.6%-ə enmişdir.
İnflyasiyanın aşağı səviyyəsini, iqtisadi artıma təsir edən məcmu tələb amillərini, pul kütləsinin artım templərini nəzərə alaraq, habelə iqtisadiyyatın şaxələnməsinə, real sektorda investisiya, o cümlədən kredit fəallığının daha da yüksəlməsinə və iqtisadi artıma zəruri dəstək vermək məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 30 iyul 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.25%-dən 3.5%-ə endirilməsi barədə qərar qəbul etmişdir. Həmçinin, faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilmişdir. Dəhlizin yuxarı həddi 6%-dən 5%-ə, aşağı həddi isə 0.5%-dən 0.1%-ə endirilmişdir. Eyni zamanda bankların bütün depozitləri üzrə məcburi ehtiyat normaları 3%-dən 2%-ə endirilmişdir.